Xidmətlər: proktologiya, estetik proktologiya və ümumi cərrahiyyə

Op. Dr. Ellada Manafova yoğun və düz bağırsağın, anal nahiyənin xəstəliklərini, doğuşdan sonra yaranan çanaq dibi problemlərini və ümumi cərrahiyyə xəstəliklərini müalicə edir. Aşağıda hər xəstəlik və müalicə üsulu üçün ayrıca səhifə var. Şikayətinizə uyğun bölməni seçin və ya birbaşa yazın, sizə yol göstərək.

Müalicə həmişə müayinə ilə başlayır. Bir çox hallarda problem dərman, qidalanma və vərdişlərin dəyişməsi ilə həll olunur. Əməliyyat yalnız həqiqətən lazım olanda təklif edilir. Belə hallarda mümkün qədər az travmatik, bərpası qısa olan üsul seçilir.

Proktologiya: düz bağırsaq və anal nahiyə

Babasil (hemorroy)

Qanaxma, göynəmə, qaşınma, tualetdən sonra çıxan düyünlər. Erkən mərhələlərdə dərman və rejimlə, irəliləmiş mərhələlərdə lazer hemoroidoplastika (LHP), LigaSure və ya Longo üsulu ilə müalicə olunur.

Anal çat (fissura)

Xalq arasında ona bağırsaq çatı deyilir. Tualet zamanı və sonra kəskin, bıçaq kimi kəsən ağrı, kağızda qan. Kəskin çat çox vaxt əməliyyatsız sağalır. Xroniki çatda sfinkterin spazmını aradan qaldıran müasir üsullar tətbiq edilir.

Paraproktit və anal fistula

Anal nahiyədə şişkinlik, zoqquldayan ağrı, qızdırma (abses) və ya dəridə irin axan dəlik (fistula). Abses təcili cərrahi müdaxilə tələb edir. Fistula isə öz-özünə sağalmır.

Qəbizlik və həzm pozğunluqları

Xroniki qəbizlik, köp, qıcıqlanmış bağırsaq sindromu, tualetdə çətinlik. Qəbizlik babasil və anal çatın ən çox rast gəlinən səbəbidir, ona görə onun özünün səbəbini tapmaq vacibdir.

Bağırsaq polipləri

Çox vaxt əlamət vermir, amma bəzi növləri illər ərzində xərçəngə çevrilə bilər. Kolonoskopiya zamanı aşkarlanır və eyni müayinədə götürülür.

Estetik proktologiya və doğuşdan sonrakı dəyişikliklər

Estetik proktologiya: ümumi baxış

Doğuşdan sonra və illər ərzində çanaq dibində yaranan dəyişikliklər: nə baş verir, nə vaxt müalicə lazımdır və hansı problemləri bir əməliyyatda həll etmək olar.

Rektosele

Tualetdə çətinlik, tam boşalmama hissi, əllə kömək etmək məcburiyyəti. Düz bağırsağın ön divarı uşaqlıq yoluna tərəf sallanır. Bu, qadınlarda qəbizliyin tez-tez gözdən qaçan səbəbidir.

Sistosele və sidik qaçırma

Gülərkən, öskürərkən, asqırarkən sidik sızması və ya sidik kisəsinin sallanması. Stress tipli sidik sızması TOT (sling) əməliyyatı, sidik kisəsinin sallanması isə ön kolporrafiya ilə müalicə olunur.

Vaginoplastika

Doğuşdan sonra uşaqlıq yolunun genişlənməsi, əzələ tonusunun zəifləməsi. Funksional və estetik bərpa məqsədi daşıyan əməliyyat.

Labioplastika

Böyümüş və ya asimmetrik kiçik dodaqların (labia minora) korreksiyası. Gündəlik həyatda narahatlıq, sürtünmə və özünə inamsızlıq yaradan problemin həlli.

Ümumi cərrahiyyə

Öd kisəsi daşı və laparoskopik xolesistektomiya

Sağ qabırğaaltı nahiyədə ağrı, yağlı yeməkdən sonra ürəkbulanma. Şikayət verən daşlar adətən dərmanla əriməz. Standart müalicə öd kisəsinin kiçik kəsiklərlə, laparoskopik üsulla çıxarılmasıdır.

Lipoma və dərialtı törəmələr

Dəri altında yumşaq, ağrısız, hərəkətli şişkinlik (lipoma) və ya piy kisti (ateroma). Yerli keyləşdirmə altında, kiçik kəsiklə çıxarılır.

Bundan əlavə, göbək və qarnın ağ xətti yırtıqları kimi digər ümumi cərrahiyyə əməliyyatları da aparılır. Göstəriş olduqda bu əməliyyatlar digər müdaxilələrlə eyni seansda birləşdirilir.

Diaqnostika və müalicə üsulları

Kolonoskopiya və endoskopik müayinə

Yoğun bağırsağın içəridən kamera ilə müayinəsi. Qanaxmanın səbəbini tapmaq, polipləri aşkarlayıb götürmək və xərçəngi erkən mərhələdə tapmaq üçün ən dəqiq üsuldur.

Lazerlə müalicə

Babasil, xroniki anal çat və anal saçaqlarda istifadə olunan az travmatik üsul. Hər mərhələ və hər xəstə üçün uyğun deyil, qərar müayinədən sonra verilir.

Cərrahi və konservativ müalicə, buket əməliyyatlar

Nə vaxt dərman və rejim kifayətdir, nə vaxt əməliyyat lazımdır. Bir neçə problemi eyni seansda, bir anesteziya ilə həll etmək üçün buket əməliyyatlar.

Proktoloqa nə vaxt müraciət etməli?

Anal nahiyədə ağrı, qanaxma, qaşınma, şişkinlik, irinli ifrazat, tualetdə çətinlik və ya bağırsaq vərdişlərinin uzun müddət dəyişməsi proktoloqun sahəsidir. Bu şikayətlərdən utanmaq lazım deyil. Onlar çox yayılıb və vaxtında müraciət edəndə daha sadə yolla müalicə olunur. Xəbərdarlıq əlamətlərinin tam siyahısını proktoloq haqqında məqalədə tapa bilərsiniz.

Tez-tez verilən suallar

Hər proktoloji problem əməliyyat tələb edir?

Xeyr. Kəskin anal çat, erkən mərhələ babasil və qəbizliyin bir çox halı dərman, qidalanma və tualet vərdişlərinin düzəldilməsi ilə müalicə olunur. Əməliyyat konservativ müalicə kömək etmədikdə və ya xəstəlik irəlilədikdə təklif edilir.

Bir neçə problemi eyni vaxtda həll etmək olar?

Bəli, göstəriş olduqda. Məsələn, babasil və anal çat, rektosele və uşaqlıq yolunun genişlənməsi, öd kisəsi daşı və göbək yırtığı eyni seansda, bir anesteziya ilə əməliyyat oluna bilər. Buna buket əməliyyat deyilir. Ətraflı məlumat cərrahi və konservativ müalicə səhifəsindədir.

İlk müayinə nə qədər çəkir və ağrılıdırmı?

Söhbət və müayinə adətən 20–30 dəqiqə çəkir. Proktoloji müayinə qısa və əksər hallarda ağrısızdır. Kəskin ağrı olduqda müayinə keyləşdirici gellə aparılır. Müayinə məxfi şəraitdə keçirilir.

Həkim kişi xəstələri də qəbul edir?

Bəli. Həm qadın, həm kişi xəstələr qəbul olunur. Doğuşdan sonrakı dəyişikliklər və intim cərrahiyyə bölməsi isə qadınlara aiddir.

Tibbi baxış: Op. Dr. Ellada ManafovaSon yenilənmə:

Bu səhifədəki məlumat maarifləndirmə xarakterlidir və həkim müayinəsini əvəz etmir. Şikayətiniz varsa, müayinəyə yazılın. Təcili hallarda 103 nömrəsinə zəng edin.

Əlaqəli səhifələr

Qəbula yazılın

Enter — bütün nəticələr · Esc — bağla