Paraproktit (anal abses) anusun və düz bağırsağın ətrafındakı piy toxumasında gedən irinli iltihabdır. Anal fistula isə onun xroniki mərhələsidir: anal kanalı anus ətrafındakı dəri ilə birləşdirən nazik kanal. Hər ikisi müalicə olunur. Paraproktit müalicəsi absesin cərrahi yolla açılması və irinin boşaldılmasıdır (drenaj), fistula isə sfinkteri (anusu bağlayan əzələni) qoruyan əməliyyatla aradan qaldırılır.
Op. Dr. Ellada Manafova Bakıda, Qafqaz Hospitalda həm qadın, həm də kişi xəstələri qəbul edir. Müayinə məxfi şəraitdə aparılır, həkim də, komanda da qadındır. Müalicə planını absesin yerinə, fistulanın növünə və sfinkterin vəziyyətinə görə fərdi qururuq. Bizim üçün iki məqsəd eyni dərəcədə vacibdir: iltihabı aradan qaldırmaq və nəcisi saxlama funksiyasını qorumaq.
Paraproktit və anal fistula nədir?
Absesin mənbəyi adətən anal kanalın divarındakı kiçik vəzidir: onun axarı tıxanır, içində irin yığılır, irin isə əzələlərin arası ilə yol açıb anusun yanında ağrılı şiş yaradır. Bu, xəstəliyin kəskin mərhələsidir.
Abses boşaldıqdan sonra irinin keçdiyi yol hər zaman bitişmir və bağırsağın içini anusun yanındakı dəri ilə birləşdirən nazik kanal qalır. Bu, xroniki mərhələ, yəni anal fistuladır (fistul, xalq arasında bəzən «svış» da deyilir).
Fistulanın bir ucu bağırsağa açıldığı üçün kanala daim yeni mikroblar düşür, divarı isə zamanla bərkiyib içəridən nazik təbəqə ilə örtülür. Ona görə fistula dərmanla bağlanmır: xarici dəlik bir müddət qapansa da, altında irin yenidən yığılır. Paraproktitin necə yarandığını, növlərini və ilk əlamətlərini paraproktit nədir məqaləmizdə ətraflı izah etmişik.
Paraproktit və fistulanın əlamətləri
Abses özünü getdikcə güclənən, zoqquldayan ağrı, anusun yanında qızarmış, isti və bərk şişkinlik, qızdırma və üşütmə ilə göstərir. Oturmaq, yerimək və tualetə getmək ağrını artırır. Dərində yerləşən absesdə xaricdən şiş görünməyə bilər, ön planda isə düz bağırsaqda ağırlıq və yüksək hərarət olur.
Fistulada anusun yaxınlığında kiçik bir dəlik (bəzən bir neçə) görünür, oradan vaxtaşırı irin və ya qan qarışıq ifrazat gəlir. Alt paltarı çirklənir, dəri qaşınır. Dəlik bağlananda ağrı və şişkinlik qayıdır, açılanda azalır, yəni xəstəlik dalğavari gedir. Nadir hallarda dəlikdən qaz və ya nəcis gəlir.
Bu əlamətlər başqa xəstəliklərlə asanlıqla qarışdırılır: anusun yanındakı ağrılı düyün tromblaşmış babasil düyünü, qanlı axıntı isə anal çat və ya polip əlaməti də ola bilər. Dəqiq cavabı yalnız müayinə verir.
Səbəbləri və risk faktorları
Əksər hallarda abses anal vəzinin infeksiyalaşması ilə başlayır və aydın zahiri səbəb tapılmır. Müalicə planı üçün isə riski artıran vəziyyətləri bilmək vacibdir: vaxtında müalicə olunmayan anal çat (xalq arasında «bağırsaq çatı»), qəbizlik və ishal, proktit, doğuş cırılmaları və anal nahiyənin travmaları, şəkərli diabet, immuniteti zəiflədən müalicə.
Abseslər təkrarlanırsa və ya bir neçə yerdədirsə, Kron xəstəliyi yoxlanılmalıdır, çünki belə hallarda fistula qastroenteroloqla birgə müalicə olunur.
Növləri və mərhələləri
Xəstəliyin iki mərhələsi var: kəskin (abses) və xroniki (fistula). Absesin dərinliyi və yayılması, fistulanın isə sfinkterə münasibəti müalicə üsulunu müəyyən edir. Abseslərin növlərini (səthi, dərin, nal şəkilli) ayrıca məqalədə izah etmişik, burada isə əməliyyatın seçimi üçün vacib olan fistula növlərindən danışırıq.
Anusu iki sfinkter bağlayır: daxili və xarici. Qaz və nəcisi saxlamağımızı onlar təmin edir. Fistulalar bu əzələlərə münasibətinə görə dörd növə bölünür:
| Növ | Kanal harada keçir | Sadə dillə |
|---|---|---|
| İntersfinkterik | daxili və xarici sfinkter arasında | ən çox rast gəlinən, çox vaxt sadə növ |
| Transsfinkterik | hər iki sfinkterin içindən keçir | sfinkterin nə qədərini tutduğu həlledicidir |
| Suprasfinkterik | sfinkterlərin üstündən dolanır | mürəkkəb növ |
| Ekstrasfinkterik | sfinkterlərdən kənarda, bağırsağın yuxarı hissəsinə açılır | nadir və mürəkkəb növ |
Praktikada fistulaları sadə və mürəkkəb növlərə ayırırıq. Sadə (aşağı) fistula tək kanaldır və sfinkterin kiçik hissəsindən keçir. Fistula sfinkterin böyük hissəsini tutursa, budaqlanırsa, bir neçə dəliyi varsa, təkrarlanırsa və ya Kron xəstəliyi fonunda yaranıbsa, mürəkkəb (yuxarı) fistula sayılır. Qadınlarda anusun ön tərəfində yerləşən fistulalar xüsusi ehtiyat tələb edir, çünki bu nahiyədə sfinkter daha nazikdir. Müalicə üsulu məhz bu bölgüyə görə seçilir.
Nə vaxt təcili müraciət etməli?
Abses gözləməyə gəlməz. Aşağıdakı hallarda gözləməyin, təcili müraciət edin:
- anusun yanında ağrılı şişlə yanaşı qızdırma və ya üşütmə varsa;
- ağrı saatlar ərzində güclənir, oturmağa və yatmağa imkan vermirsə;
- sidiyə gedə bilmirsinizsə;
- qızartı və şişkinlik aralığa, ombaya, xayalara və ya cinsiyyət dodaqlarına yayılırsa, dəri tündləşirsə;
- şəkərli diabetiniz varsa və ya immuniteti zəiflədən dərman qəbul edirsinizsə.
Yüksək hərarətlə yanaşı güclü halsızlıq, ürəkdöyünmə və ya çaşqınlıq varsa, ən yaxın təcili yardıma müraciət edin.
Antibiotik içib absesin sovuşmasını gözləmək olmaz: dərman irinlə dolu boşluğu təmizləmir, gecikmə isə irinin dərin qatlara yayılmasına və sfinkterin zədələnməsinə səbəb olur. Absesi evdə sıxmayın, deşməyin, «yetişsin» deyə isti kompreslə gözləməyin. Abses aşkarlananda onun açılması təxirə salınmır, adətən elə həmin gün aparılır.
Müayinə və diaqnostika
Proktoloji müayinədən çəkinmək təbiidir, amma qəbulda utanmalı heç nə yoxdur. Əvvəlcə şikayətləriniz, qəbizlik, ishal və yanaşı xəstəliklər barədə soruşuruq. Baxış ayrıca otaqda, adətən böyrü üstə uzanmış vəziyyətdə aparılır və çox vaxt bir neçə dəqiqə çəkir.
Absesin diaqnozu çox vaxt baxışla qoyulur. Ağrı çox güclüdürsə, barmaqla müayinəni zorla aparmırıq: aralıq nahiyəsi ehtiyatla əllə yoxlanılır, lazım olanda ultrasəs müayinəsi (USM) edilir.
Fistulada isə dəqiq «xəritə» lazımdır: kanal haradan başlayır, sfinkterin hansı hissəsindən keçir, budaqları varmı. Bunun üçün lazım olan müayinələr seçilir:
- anoskopiya: kiçik alətlə anal kanala baxış, fistulanın daxili dəliyini tapmaq üçün;
- zondlama: kanalın nazik, küt uclu zondla ehtiyatla yoxlanması; çox vaxt əməliyyat zamanı, anesteziya altında aparılır;
- USM və ya kiçik çanağın MRT-si: mürəkkəb, təkrarlanan və ya budaqlanan fistulada;
- sfinkterometriya: sfinkterin gücünün ölçülməsi, seçilmiş hallarda;
- kolonoskopiya: Kron xəstəliyi şübhəsi olanda və ya yaşa görə göstəriş varsa.
Paraproktit müalicəsi: hansı üsullar var?
Paraproktit və fistula dərmanla sağalmır: iltihab ocağı cərrahi yolla aradan qaldırılmalıdır. Dərmanlar isə müalicəni dəstəkləyir və bərpanı asanlaşdırır.
Konservativ müalicə
- Antibiotiklər yalnız köməkçi rol oynayır: iltihab ətraf toxumalara yayılanda, şəkərli diabetdə və ya immunitet zəif olanda həkim onları drenajla yanaşı təyin edir.
- Ağrıkəsicilər və nəcisi yumşaldan qidalanma tualetə çıxmağı rahatlaşdırır; bu dövrdə qəbizliyin qarşısını almaq xüsusilə vacibdir.
- İlıq oturaq vannalar və gigiyena yaranın təmiz qalmasına kömək edir.
- Əsas səbəbin müalicəsi: proktit, Kron xəstəliyi, uşaqlarda isə bağırsaq qurdları və qəbizlik. Kron xəstəliyi fonunda fistula qastroenteroloqla birgə müalicə olunur.
Hansı halda dərmanın, hansı halda əməliyyatın lazım olduğunu cərrahi və konservativ müalicə səhifəsində ətraflı izah etmişik.
Cərrahi və minimal invaziv üsullar
Absesin açılması və drenajı. Əməliyyat adətən ümumi anesteziya altında aparılır: bu zaman ağrı hiss olunmur, cərrah isə boşluğu tam yoxlayıb irini axıra qədər boşalda bilir. Anusun yanında dəri kəsilir, irin boşaldılır, boşluq yuyulub drenajlanır və steril sarğı qoyulur. Yara açıq saxlanılır və içəridən sağalır. Əməliyyat zamanı fistula tapılmayıbsa, yara sağalana qədər nəzarət müayinələrinə gəlmək lazımdır. Fistula aşkarlanıbsa, onun müalicəsi növünə görə ya həmin seansda, ya da iltihab sovuşandan sonra planlaşdırılır.
Fistulanın cərrahi müalicəsi. Fistulanı yalnız əməliyyat aradan qaldırır. Cərrahi üsul fistulanın növünə görə seçilir: fistulotomiya, fistulektomiya, seton və ya sfinkteri qoruyan texnikalar. Hansı üsulun uyğun olduğu müayinədən sonra müəyyən olunur. Sadə dillə:
- fistulotomiya: kanalın üzərindəki toxuma açılır və kanal açıq yara kimi içəridən sağalır; adətən sadə, aşağı fistulalarda tətbiq olunur;
- fistulektomiya: kanal bütövlükdə kəsilib çıxarılır;
- seton: kanalın içindən xüsusi yumşaq sap keçirilir; irin rahat axır, iltihab sakitləşir, mürəkkəb fistulada isə sfinkteri qoruyan mərhələli müalicə mümkün olur;
- sfinkteri qoruyan texnikalar: əzələni kəsmədən kanalın bağlanmasına yönələn üsullar; mürəkkəb, yuxarı fistulalarda nəzərdən keçirilir.
Hansı yol seçilsə də, əsas prioritet dəyişmir: fistulanı sağaltmaq və sfinkteri qorumaq, yəni qaz və nəcisi saxlama qabiliyyətini itirməmək. Sadə fistulada bu tarazlığı qurmaq daha asandır. Mürəkkəb fistulada isə müalicə bəzən iki mərhələdə aparılır, çünki tələsik kəsilmiş sfinkteri sonradan bərpa etmək çətindir.
Fistula ilə yanaşı babasil, anal çat və ya polip də varsa, vəziyyətiniz imkan verəndə onları çox vaxt eyni seansda, bir anesteziya altında həll edirik. Buna buket əməliyyat deyirik.
Əməliyyatdan sonra bərpa
Bərpa əməliyyatın həcmindən asılıdır. Cədvəldə orta hesabla gözlənilən mənzərə verilib, dəqiq müddət müayinədən sonra deyilir.
| Dövr | Nə gözləmək olar |
|---|---|
| İlk gün | Ağrı dərmanlarla nəzarət altında saxlanılır. Əməliyyatın həcminə görə adətən həmin gün və ya ertəsi gün evə yazılırsınız. Yaradan az miqdarda qanlı-sulu axıntı normaldır. |
| İlk həftə | Hər gün yara baxımı və sarğı, tualetdən sonra ilıq su ilə yuyunmaq, nəcisi yumşaq saxlamaq üçün bol su və lifli qida. İlk tualet çox vaxt gözlənildiyindən asan keçir. Yüngül işə adətən bir neçə gündən sonra qayıtmaq olur. |
| 2–4 həftə | Yara tədricən içəridən dolur, axıntı azalır. Ağır fiziki yük və idman bu dövrdə məhdudlaşdırılır. Mürəkkəb fistulada tam sağalma daha uzun çəkə bilər. |
| Nəzarət müayinəsi | Yara tam bağlanana qədər müntəzəm yoxlanılır. Seton qoyulubsa, növbəti mərhələnin vaxtı nəzarətdə müəyyən olunur. |
İdmana, üzgüçülüyə və cinsi həyata qayıtmaq vaxtını yaranın vəziyyətinə görə nəzarət müayinəsində birlikdə müəyyən edirik.
Profilaktika: 5 qızıl qayda
- Anal çatın və babasilin müalicəsini gecikdirməyin. Sağalmayan çat mikrobların toxumaya keçməsinə yol aça bilər; anal çatın əlamətlərini vaxtında tanıyın.
- Qəbizliyə və ishala yol verməyin. Nəcis yumşaq və müntəzəm olsun: lifli qida, hərəkət və gün ərzində bərabər paylanmış maye (əksər yetkinlərə təxminən 1,5–2 litr) buna kömək edir.
- Gigiyenaya ifrata varmadan əməl edin. İlıq su ilə yuyunmaq kifayətdir; çoxlu sabun və ətirli kağız dərini qıcıqlandırır.
- Özünümüalicə etməyin. Aptek məlhəmi, antibiotik və ya ağrıkəsici əlamətləri gizlədir, xəstəliyi isə sağaltmır.
- Nəzarət müayinələrini buraxmayın. Yara tam bağlanana qədər və ondan sonra da həkimin dediyi vaxtlarda gəlin; təkrarlanan abseslərdə Kron xəstəliyi və diabet yoxlanılır.
Tez-tez verilən suallar
Anusun yanında ağrılı şiş çıxıb, qızdırmam var. Bu nədir?
Bu, kəskin paraproktitin, yəni anal absesin əlaməti ola bilər. Döyünən ağrı, şişkinlik, qızartı, qızdırma və üşütmə absesə xasdır. Anal abses təcili cərrahi müdaxilə tələb edə bilər, ona görə müraciəti təxirə salmayın.
Absesi antibiotiklə sağaltmaq olarmı?
Xeyr. Antibiotik irinlə dolu boşluğu təmizləmir və absesi sağaltmır. Gözləmək irinin yayılmasına, sfinkterin zədələnməsinə, nadir hallarda isə ağır infeksiyaya səbəb olur. Antibiotik yalnız drenajla birlikdə, köməkçi müalicə kimi təyin olunur.
Fistula əməliyyatsız bağlana bilərmi?
Xeyr. Dəlik müvəqqəti bağlana bilər, amma altındakı kanal yenidən irinləyir. Vaxt keçdikcə kanal şaxələnə və müalicə mürəkkəbləşə bilər. Çox nadir hallarda illərlə müalicəsiz qalan fistulada bədxassəli dəyişikliklər də təsvir olunub.
Əməliyyatdan sonra nəcisi saxlaya bilməmək riski varmı?
Bu, xəstələri ən çox narahat edən məsələdir və bizim əsas prioritetimizdir. Sadə, aşağı fistulada sfinkterin çox kiçik hissəsi təsirlənir və risk aşağıdır. Mürəkkəb fistulada isə sfinkteri qoruyan və ya mərhələli üsullar seçilir. Riski tam sıfıra endirmək mümkün olmasa da, düzgün planlaşdırma onu minimuma endirir.
Fistula əməliyyatı ağrılıdırmı, nə vaxt işə qayıda bilərəm?
Əməliyyat anesteziya altında aparılır, sonrakı günlərdə isə ağrı dərmanlarla nəzarət altında saxlanılır. Masa arxasında işləyənlər adətən bir neçə gündən bir-iki həftəyə qədər olan müddətdə işə qayıdır, ağır fiziki işdə bu müddət uzanır. Dəqiq müddət müayinədən sonra deyilir.
Fistula əməliyyatdan sonra təkrarlana bilərmi?
Bəli, bu mümkündür, xüsusilə mürəkkəb fistulalarda və Kron xəstəliyi fonunda. Təkrarlanma ehtimalı fistulanın növündən, düzgün seçilmiş üsuldan və yaranın necə sağalmasından asılıdır. Ona görə yara tam bağlanana qədər nəzarət müayinələrinə gəlmək vacibdir.
Aybaşı dövründə müayinəyə və əməliyyata gəlmək olarmı?
Müayinəyə gəlmək olar, aybaşı buna heç bir şəkildə mane olmur. Planlı əməliyyatı bu günlərdən sonraya keçirmək daha yaxşıdır. Absesin açılması kimi təcili əməliyyat isə aybaşı səbəbindən təxirə salınmır, əməliyyatdan sonrakı sarğı günü də ertələnmir.
Xəstəmizin hekayəsi
Səkkiz yaşlarında bir uşaq bizə uzun bir yolun sonunda gəlmişdi. Hər şey bağırsaq qurdlarından başlamışdı: qurdlar qəbizliyə, qəbizlik anal çata, çat anal absesə, abses isə anal fistulaya səbəb olmuşdu. Əvvəlcə konservativ müalicə apardıq, müayinələrdən sonra isə fistula kanalını cərrahi yolla aradan qaldırdıq. Əməliyyatdan bir həftə sonra uşağın vəziyyəti yaxşı idi və o, həkimindən heç qorxmurdu. Hər xəstənin vəziyyəti fərdidir.
Tibbi baxış: Op. Dr. Ellada ManafovaSon yenilənmə:
Bu səhifədəki məlumat maarifləndirmə xarakterlidir və həkim müayinəsini əvəz etmir. Şikayətiniz varsa, müayinəyə yazılın. Təcili hallarda 103 nömrəsinə zəng edin.