Babasil (hemorroy) anal kanaldakı damarlı yastıqcıqların böyüyüb düyünə çevrilməsi ilə gedən, müalicə olunan xəstəlikdir. Babasil müalicəsi mərhələdən asılıdır: erkən mərhələdə çox vaxt qidalanma, tualet vərdişlərinin düzəldilməsi və həkimin təyin etdiyi dərmanlar kifayət edir, irəliləmiş mərhələdə isə lazer hemoroidoplastika (LHP), LigaSure və ya Longo üsulu ilə əməliyyat seçilir.
Op. Dr. Ellada Manafova 20 ildən artıq təcrübəsi olan qadın cərrah-proktoloqdur və həm qadın, həm də kişi xəstələri Bakıda, Qafqaz Hospitalda qəbul edir. Müayinə tam məxfi aparılır, həkim də, komanda da qadındır. Hər xəstə üçün fərdi plan qururuq, çünki hər babasil əməliyyat demək deyil.
Babasil nə vaxt müalicə tələb edir?
Hər kəsin anal kanalında damarlı yastıqcıqlar var: onlar anusu kip bağlamağa kömək edir. Uzun sürən qəbizlik və gücənmə bu yastıqcıqları böyüdür, onları yerində saxlayan toxumanı zəiflədir və yastıqcıqlar düyünə çevrilir. Xalq arasında buna «babasil düyünləri», bəzən də «hemoroid» deyirlər.
Düyünə çevrilmiş yastıqcıq əvvəlki ölçüsünə özü qayıtmır. Şikayətlər bir müddət sakitləşsə də, səbəb qaldıqca xəstəlik irəliləyir. Ona görə müalicə iki məqsəd güdür: düyünləri kiçiltmək və ya götürmək, eyni zamanda onları yaradan qəbizliyi və gücənməni aradan qaldırmaq. Babasilin necə yarandığını, növlərini və necə göründüyünü babasil nədir və necə olur məqaləsində ətraflı izah etmişik.
Babasilin əlamətləri
Babasil ən çox tualetdən sonra kağızda və ya unitazda görünən al-qırmızı qanla, tualet zamanı çölə çıxan düyünlə, anus ətrafında qaşınma, göynəmə və nəmliklə özünü göstərir. Düyünlər böyüdükcə oturanda narahatlıq və bağırsağın tam boşalmaması hissi əlavə olunur. Daxili düyünlərdən gələn qan çox vaxt ağrı vermir, amma aylarla davam edəndə qanazlığına (anemiyaya) gətirib çıxara bilər. Əlamətlərin ətraflı təsvirini və hansı hallarda həkimə getmək lazım olduğunu ayrıca məqalədə vermişik.
Bu əlamətlər təkcə babasilə aid deyil. Tualet zamanı və sonra saatlarla davam edən kəsici ağrı daha çox anal çatın (fissuranın) əlamətidir, polip və bağırsaq xərçəngi də qanaxma verə bilər. Ona görə qan görəndə özünüzə diaqnoz qoymayın. Fərqləri tualet kağızında qanın 6 səbəbi məqaləsində izah etmişik.
Səbəbləri və risk faktorları
Babasilin başlıca səbəbi qəbizlik və tualetdə gücənmədir. Tualetdə telefonla uzun oturmaq, oturaq iş, ağır yük qaldırmaq, hamiləlik və doğuş, artıq çəki və irsi meyl də riski artırır. Ona görə babasil müalicəsi qəbizliyin aradan qaldırılması ilə birlikdə aparılır: səbəb qalarsa, əməliyyatdan sonra da yeni düyünlər yarana bilər.
Növlər, mərhələlər və müalicə seçimi
Daxili, xarici və tromblaşmış düyünlərdə müalicə
Daxili düyünlər anal kanalın içində yerləşir və dörd mərhələyə bölünür. Onlarda müalicə əsasən mərhələyə görə seçilir (aşağıdakı cədvələ baxın).
Xarici düyünlər anusun kənarında olur. Kiçik və heç bir narahatlıq yaratmayan xarici düyünü adətən əməliyyatsız izləyirik. Böyük və gigiyenaya mane olan xarici düyünlər isə çox vaxt kəsilib götürülür.
Tromblaşmış düyündə (içində qan laxtası əmələ gəlmiş, qəfildən şişən və çox ağrıyan düyün) müraciət vaxtı həlledicidir. İlk günlərdə müraciət etsəniz, laxtanı kiçik müdaxilə ilə götürmək ağrını tez azalda bilər, sonrakı günlərdə isə çox vaxt dərman müalicəsi seçilir. Çölə çıxıb geri qayıtmayan daxili düyünlər də tromblaşa bilər.
Mərhələyə görə müalicə
| Mərhələ | Nə baş verir | Adətən hansı müalicə |
|---|---|---|
| I | Düyün içəridədir, çölə çıxmır. Əsas əlamət tualetdən sonra al-qırmızı qandır. | Qidalanma, su, tualet vərdişləri, həkimin təyin etdiyi dərmanlar |
| II | Gücənəndə düyün çölə çıxır, sonra özü içəri qayıdır. | Konservativ müalicə; kömək etmədikdə lazer (LHP) |
| III | Çıxan düyün özü qayıtmır, onu barmaqla içəri itələmək lazım gəlir. | Əksər hallarda əməliyyat: düyünlər çox böyük deyilsə, lazer; sallanma genişdirsə, Longo və ya düyünlərin götürülməsi |
| IV | Düyün daim çöldədir, itələsəniz də yerində qalmır. Tromboz və iltihab riski yüksəkdir. | Düyünlərin kəsilib götürülməsi (hemorroidektomiya), məsələn, LigaSure ilə. Lazer bu mərhələdə tövsiyə olunmur |
Üsulu təkcə mərhələ deyil, düyünlərin ölçüsü, xarici hissənin olub-olmaması, şikayətlər və ümumi sağlamlığınız birlikdə müəyyən edir.
Hamiləlikdə, doğuşdan sonra və kişilərdə müalicə
Hamiləlikdə və doğuşdan sonra
Hamiləlik və doğuş babasilin tez-tez kəskinləşdiyi dövrlərdir. Bu vaxt müalicə əsasən konservativdir: lif, su, tualet vərdişləri və yalnız həkimin təyin etdiyi, hamiləlik və əmizdirmə üçün təhlükəsiz vasitələr. Planlı əməliyyat adətən doğuşdan sonraya saxlanılır, təcili hallar istisnadır. Doğuşdan sonra şikayətlər çox vaxt bir neçə həftəyə azalır. Keçmirsə, müayinəyə gəlin.
Babasillə yanaşı anal çat və ya rektosele də aşkarlanarsa, onları eyni seansda müalicə etmək mümkündür. Hamiləlikdə babasilin niyə yarandığını babasil nədir, doğuşdan sonrakı digər problemləri isə doğuşdan sonrakı intim problemlər məqaləsində izah etmişik.
Kişilərdə müalicə
Kişi xəstələrimizin çoxu qəbula illərlə gözlədikdən sonra, düyünlər artıq böyüyəndə gəlir. Ağır fiziki iş, ağırlıq idmanı və sükan arxasında keçən uzun saatlar şikayətləri tez-tez kəskinləşdirir. Ona görə müalicədən sonra bu yüklərə həkimin icazəsi ilə, tədricən qayıtmaq vacibdir. Müalicə üsulları kişilər və qadınlar üçün eynidir.
Nə vaxt təcili müraciət etməli?
Aşağıdakı hallarda gözləməyin, təcili müraciət edin:
- qanaxma dayanmır, laxta ilə gəlir və ya unitazı qızardır;
- qanaxma ilə yanaşı gicəllənmə, halsızlıq, ürəkdöyünmə var;
- nəcis qara, qatran kimidir;
- anus kənarında qəfildən bərk, göyümtül, çox ağrılı düyün yaranıb;
- çölə çıxan düyün geri qayıtmır, şişir və tündləşir;
- anusda ağrı və şişkinliklə yanaşı qızdırma var: bu, paraproktit əlaməti ola bilər.
Müayinə necə keçir?
Babasil həkimi ilə ilk görüş söhbətlə başlayır: şikayətlərinizi, tualet vərdişlərinizi və qəbul etdiyiniz dərmanları soruşuruq. Müayinə üçün çox vaxt sol böyrü üstə, dizləri qarına doğru çəkərək uzanırsınız. Bədəniniz örtülü qalır, yalnız müayinə olunan nahiyə açılır.
Əvvəlcə anus ətrafına baxılır, sonra barmaqla rektal müayinə və anoskopiya aparılır: yağlanmış kiçik borucuqla anal kanalın içinə baxılır. Müayinə bir neçə dəqiqə çəkir, əksər xəstələr ağrı yox, yüngül narahatlıq hiss edir. Xüsusi hazırlıq adətən lazım deyil.
Qanaxma varsa, düz bağırsağı yoxlamaq üçün rektoskopiya tövsiyə oluna bilər. 40 yaşdan yuxarı, qəbizliyi və babasili olan xəstələrə kolonoskopiya məsləhət görürük ki, qanaxmanın daha ciddi səbəbi gözdən qaçmasın.
Babasil müalicəsi üsulları
Müalicəni mərhələyə, düyünlərin ölçüsünə və şikayətlərinizə görə seçirik. Məqsəd təkcə düyünləri aradan qaldırmaq deyil, onların yaranma səbəbini də düzəltməkdir.
Konservativ müalicə
I–II mərhələdə və hamiləlikdə müalicəyə əməliyyatsız başlanır:
- qəbizliyi aradan qaldıran qidalanma, lif və kifayət qədər su;
- tualet vərdişlərinin düzəldilməsi: gücənməmək, uzun oturmamaq;
- qanaxma, qaşınma və şişkinliyi azaltmaq üçün həkimin təyin etdiyi məlhəm, şam və ya həblər;
- həkim tövsiyə edərsə, ilıq oturaq vanna.
Dərmanlar düyünləri yox etmir, şikayətləri azaldır. Şam və ya mazı aptekdən özbaşına, tanışların məsləhəti ilə seçməyin: səhv seçilmiş dərman şikayəti müvəqqəti örtə, amma diaqnozu gecikdirə bilər. Erkən mərhələdə düzgün müalicə çox vaxt əməliyyata ehtiyacı aradan qaldırır.
Cərrahi və minimal invaziv üsullar
Konservativ müalicə kömək etmədikdə, eləcə də III–IV mərhələdə əməliyyat tövsiyə olunur. Üç əsas üsuldan istifadə edirik və hər birinin öz yeri var.
Lazer hemoroidoplastika (LHP). Düyünə kiçik deşikdən nazik lazer lifi yeridilir və lazer enerjisi düyünü içəridən kiçildir. Selikli qişa və dəri kəsilmir, tikiş adətən qoyulmur. Əməliyyat adətən 15–20 dəqiqə çəkir. Kəsikli üsullara nisbətən ağrı çox vaxt daha az, bərpa isə daha qısa olur. Ən çox II–III mərhələdə, düyünlər çox böyük olmadıqda uyğundur. IV mərhələdə, eləcə də III mərhələdə xarici hissəsi çox böyük olan düyünlərdə lazeri tövsiyə etmirik: belə düyünlər kəsilib götürülməlidir. Ətraflı: lazerlə babasil müalicəsi.
LigaSure ilə hemorroidektomiya. Böyük düyünlər kəsilib götürülür. LigaSure cihazı toxumanı kəsərkən damarları eyni anda bağlayır, bu da qanaxmanı azaldır və əməliyyatı qısaldır. IV mərhələ, böyük xarici düyünlər və tromblaşmış düyünlər üçün çox vaxt əsas seçimdir. Bərpa lazerə nisbətən uzun çəkir, amma təkrarlanma riski üsullar arasında ən aşağı olanlardandır.
Longo (stapler) əməliyyatı. Xüsusi dairəvi cihaz düyünlərdən yuxarıdakı selikli qişadan bir zolaq götürür və sallanmış düyünləri yuxarı, öz yerinə qaldırır. Kəsik həssas olmayan zonada olduğu üçün ağrı adətən kəsikli əməliyyatdan az olur. Daha çox dairəvi sallanması olan daxili düyünlərdə, adətən III mərhələdə seçilir, böyük xarici düyünlərdə isə tək başına kifayət etməyə bilər.
Babasillə yanaşı anal çat, fistula, polip və ya rektosele varsa, onları çox vaxt bir anesteziya altında, eyni seansda həll edirik. Buna buket əməliyyat deyirik və bu yanaşmanı cərrahi və konservativ müalicə səhifəsində izah etmişik.
Anesteziyanın növü (spinal, ümumi və ya yerli keyləşdirmə) sağlamlığınıza və əməliyyatın həcminə görə anestezioloqla birlikdə seçilir. Hər əməliyyatın riskləri var: qanaxma, müvəqqəti sidik ləngiməsi, şişkinlik, nadir hallarda infeksiya və ya anal kanalın daralması. Onları müayinədən sonra sizinlə ətraflı müzakirə edirik.
Əməliyyatdan sonra bərpa
| Dövr | Nə gözləmək olar |
|---|---|
| İlk gün | Bir neçə saat sonra ayağa qalxıb yeriyə bilərsiniz. Ağrı təyin olunan ağrıkəsicilərlə nəzarətdə saxlanılır. Çox vaxt eyni gün və ya ertəsi gün evə yazılırsınız. |
| İlk həftə | İlk tualet adətən 2–3 gün ərzində olur. Yüngül göynəmə və kağızda az qan gözlənilən haldır. Oturaq işə lazerdən sonra çox vaxt bir neçə gün, Longo əməliyyatından sonra adətən təxminən bir həftə, düyünlər kəsilib götürüldükdə isə adətən 1–2 həftə sonra qayıdılır. |
| Sonrakı həftələr | Düyünlər kəsilib götürülübsə, yaraların tam sağalması adətən 3–6 həftə çəkir. Ağır fiziki işə və idmana həkimin icazəsi ilə qayıdılır. |
| Nəzarət müayinəsi | Adətən bir həftə sonra; lazım olarsa, bir aydan sonra təkrar. |
Dəqiq müddət müayinədən sonra deyilir.
İlk tualet və ağrı: nə gözləmək olar?
Əməliyyatdan sonra ilk tualet qorxusu ən çox eşitdiyimiz narahatlıqdır. Onu yüngülləşdirmək üçün:
- nəcisi yumşaq saxlayan qidalanmaya əməliyyat günündən başlayın, lazım olarsa, həkim nəcisi yumşaldan vasitə təyin edir;
- çağırış olanda tualeti gecikdirməyin və gücənməyin; kiçik kətil ayaqlarınızı qaldırıb tualeti asanlaşdırır;
- ağrıkəsicini təyin olunan saatlarda qəbul edin; tualetdən sonra ilıq oturaq vanna ağrını və göynəməni yüngülləşdirir.
İlk tualet bir az göynədə bilər, amma bu keçici hissdir və illərlə dözdüyünüz şikayətlə müqayisə olunmur. Ağrı lazerdən və Longo əməliyyatından sonra adətən daha az, düyünlər kəsilib götürüldükdə bir qədər çox olur və hər iki halda dərmanlarla nəzarətdə saxlanılır. Qızdırma, güclü qanaxma, sidiyə çıxa bilməmək və ya getdikcə artan ağrı olarsa, dərhal zəng edin.
Profilaktika: 5 qızıl qayda
- Hər gün lif. Gündə təxminən 500 qram meyvə və tərəvəz, tam taxıllı çörək və sıyıqlar.
- Suyu gün ərzində paylayın. Əksər yetkinlərə təxminən 1,5–2 litr maye lazımdır; ürək və ya böyrək xəstəliyində miqdarı həkim deyir.
- Tualetdə 5 dəqiqə. Telefonsuz oturun, gücənməyin, kətillə dizlərinizi bir az qaldırın.
- Ehtiyacı saxlamayın. «Evə çatım, sonra» vərdişi nəcisi bərkidir.
- Hərəkət edin. Hər saat yerinizdən qalxın, gündə ən azı yarım saat yeriyin, ağırlıq qaldıranda nəfəsinizi tutmayın.
Bu qaydalar əməliyyatdan sonra da təkrarlanma riskini azaldır. Ətraflı: qəbizliyə qarşı 5 qızıl qayda.
Tez-tez verilən suallar
Aptekdən şam və ya maz alıb istifadə edə bilərəmmi?
Müayinə olmadan tövsiyə etmirik. Şam və mazlar şikayəti müvəqqəti yüngülləşdirə bilər, amma qanaxmanın səbəbi babasil deyilsə, vaxt itirilir. Dərmanı müayinədən sonra, diaqnoza uyğun həkim təyin edir.
Lazer hər mərhələyə uyğundurmu?
Xeyr. Lazer ən çox II–III mərhələdə, düyünlər çox böyük olmadıqda yaxşı nəticə verir. IV mərhələdə və böyük xarici düyünlərdə düyünlərin kəsilib götürülməsi daha doğru seçimdir. Üsulu müayinədən sonra birlikdə seçirik.
Babasil əməliyyatı ağrılıdırmı?
Əməliyyat zamanı ağrı anesteziya ilə aradan qaldırılır. Sonrakı günlərdə göynəmə və ağrı ola bilər, lazerdən sonra adətən daha az. Ağrı dərmanlarla nəzarət altında saxlanılır və çox vaxt gündən-günə azalır.
Nə vaxt işə qayıda bilərəm?
Oturaq işə lazerdən sonra çox vaxt bir neçə gün, Longo əməliyyatından sonra adətən təxminən bir həftə sonra qayıtmaq olur. Düyünlər kəsilib götürüldükdə bu müddət adətən 1–2 həftədir, ağır fiziki iş üçün isə daha uzundur. Dəqiq müddət müayinədən sonra deyilir.
Əməliyyatdan sonra babasil təkrarlanırmı?
Təkrarlanma mümkündür. Risk üsuldan, mərhələdən və əməliyyatdan sonrakı vərdişlərdən asılıdır: qəbizlik və gücənmə davam edərsə, yeni düyünlər yarana bilər. Profilaktika qaydaları bu riski azaldır.
Müayinədən utanıram. Bu normaldırmı?
Bəli, bu çox təbii hissdir və xəstələrimizin çoxu ilk dəfə eyni şeyi deyir. Babasil çox yayılmış xəstəlikdir, utanmalı heç nə yoxdur. Müayinə məxfi aparılır, yalnız lazım olan nahiyə açılır, həkim də, komanda da qadındır.
Xəstəmizin hekayəsi
Xəstələrimizdən biri 30 ilə yaxın babasillə yaşamışdı və son illərdə tualetə çıxarkən əllə kömək etmək məcburiyyətində qalırdı. Müayinədən sonra böyük düyünlər kəsilib götürüldü. Əməliyyatdan sonra o, illərlə dözdüyü problemdən qurtulmağın rahatlığından danışdı. Hər xəstənin vəziyyəti fərdidir.
Tibbi baxış: Op. Dr. Ellada ManafovaSon yenilənmə:
Bu səhifədəki məlumat maarifləndirmə xarakterlidir və həkim müayinəsini əvəz etmir. Şikayətiniz varsa, müayinəyə yazılın. Təcili hallarda 103 nömrəsinə zəng edin.